07 oktyabr, 2026
Paylaş:

Alman alimi Menzelin Bakı məclisinə baxışı: tezis və antitezislər

I Türkoloji Qurultay – 100

I Bakı Türkoloji Qurultayı nümayəndələri arasında diqqətçəkən alim və şəxsiyyətlər sırasında yəhudi əsilli alman alimi Teodor Menzel və onun qurultaya elmi, ideoloji baxışıdır. Qurultay materiallarının, arxiv sənədlərinin tədqiqi onu göstərir ki, T.Menzel Rusiya, Türkiyə və Almaniya türkoloji mühitini və türkoloq-alimləri yaxşı tanıdığından onun fikirlərinə diqqətlə yanaşılıb və daha çox önəm verilib. Bakı Türkoloji Qurultayının elmi-tarixi əhəmiyyəti barədə Avropada elmi mənzərənin yaradılmasında T.Menzelin alman mətbuatında mühüm əhəmiyyət kəsb edən iki sanballı məqaləsinin və 1927-ci ildə almanca çap olunan "Bakı 1926. Türkoloji Konqres" kitabının xüsusi əhəmiyyəti var.

T.Menzelin 1926-cı ildə “Körösi Csoma-Archiv”də dərc etdirdiyi məqaləsi Qurultayın nəticələrinə həsr olunan ilk elmi tədqiqat materiallarından biri hesab edilir. Daha geniş tədqiqatı isə 1927-ci ildə “Der Islam” jurnalında çap edilib. Sonuncu əsəri Qurultayın təşkili, xarici ölkə türkoloqlarının bu ali tədbirə dəvəti, oxunacaq məruzələr, iştirakçıların mövqelərini əhatə edən geniş və müşahidələrə əsaslanan tədqiqat materialıdır.

Şərq və İslam fəlsəfəsinə bələdçiliyi, türkoloji düşüncə və fikirləri ilə seçilən T.Menzel elmi mühitdə məşhur türkoloq və şərqşünas kimi tanınır, elmi irsindən bu gün də tədqiqatçılar bəhrələnir. I Bakı Türkoloji Qurultayının beynəlxalq əhəmiyyətini müəyyənləşdirən mühüm amillərdən biri bu ali tədbirdə Avropa türkoloqlarının iştirak etməsi idi. Qurultayda Almaniyanı Teodor Menzel, Paul Uittek və Uolter Radebold təmsil edirdilər. Bu nümayəndə heyəti içərisində T.Menzelin mövqeyi xüsusilə seçilir. Yalnız Qurultay iştirakçısı deyil, həm də təşkilatçılar sırasında bəzi qərarların qəbulunda iştirakı, eyni zamanda, Bakıda baş verən elmi müzakirələrin sistemli şəkildə qeydə alınması və sonradan müşahidələrini Avropa elmi ictimaiyyətinə təqdim etməsi T.Menzel irsinə maraq oyadır.

Menzelin baxışı sovet türkoloji mühitində əsas simalardan biri olan akademik Bartoldun, Qurultayın təşkilində böyük fədakarlıqlar göstərən S.Ağamalıoğlunun və professor Samoyloviçin baxışı ilə üst-üstə düşür. Bu türkoloqların fikrincə, Qurultayın Bakıda keçirilməsinin çox ciddi elmi, ideoloji əsasları var. Qurultaya qatılan alimlərin böyük əksəriyyəti Bakını Sovet İttifaqında yaşayan türkdilli xalqların mühüm intellektual mərkəzlərindən biri kimi qiymətləndirirdi. Bu yanaşma Qurultayın coğrafi məkanının siyasi deyil, həm də elmi-mədəni əhəmiyyət daşıdığını göstərir. Menzelin müşahidəsinə görə, Orta Asiyada mövcud olan mürəkkəb vəziyyət, latın qrafikalı Yeni Türk Əlifbasına keçidə “ərəbçi” və fanatik dinçilərin müqaviməti və digər mühüm səbəblər Bakının belə bir beynəlxalq türkoloji toplantı üçün əlverişli məkan kimi seçilməsinə təsir göstərib.

Menzelin Almaniyanın nüfuzlu elmi nəşrlərində çap olunan “Bakı 1926. Bakı konqresi” kitabı xüsusilə ona görə əhəmiyyətlidir ki, o, Qurultaya kənardan baxan sadə alim deyil, türk dilləri və Şərq mədəniyyəti üzrə ixtisaslaşmış türkoloq kimi yetkin fikirlərin daşıyıcısı olmasıdır. Kitabın əvvəlində T.Menzel qeyd edir ki, bu əsəri yazmaq üçün əlində yetərli qədər sənədlər, “Kommunist”, “Bakinskiy raboçiy”, “Yeni yol” qəzetində çap olunan materiallar, S.Ağamalıoğlunun ona verdiyi stenoqrafik hesabatlar, protokollar var. Bu faktlara, özünün müşahidələrinə əsasən yazılan “Bakı 1926. Bakı konqresi” kitabında maraqlı müşahidələr də əksini tapır ki, bu faktlar Bakıda təşkil edilən, dünya türkoloji irsinin tarixi materialına çevrilən Qurultayın ümumi mənzərəsinin müəyyənləşməsində böyük əhəmiyyət daşıyır.

Türkologiyaya, islam mədəniyyətinə bələd olması və yüksək elmi potensialına görə Menzelin təsvirlərində elmi terminologiya və müqayisəli yanaşma üstünlük təşkil edir. O, Qurultayın siyasi-ideoloji tərəfləri ilə yanaşı, dilçilik, əlifba, ədəbiyyat, tarix və etnoqrafiya məsələlərinə də diqqət yetirib. Amma əsərin qüsurlu tərəfi Çar Rusiyası ilə Sovet İmperiyasının əsarət altına aldığı xalqlara münasibətdəki yanaşmada meydana çıxır. Menzelə görə, Sovet Rusiyası çar rejimindən fərqli olaraq tərkibində olan türk xalqlarına və digər azsaylı xalqlara daha humanist yanaşıb, milli məsələlərə xüsusi önəm verib, yerli xalqların mədəniyyətinin inkişafına diqqət yönəldib, ruslaşdırma siyasətini qarşısına məqsəd qoymayıb və bu qəbuledilməz siyasəti kəskin formada həyata keçirməyib. Əslində, yaşanan tarixi faktlar bu mülahizələrin, mövqeyin doğru olmadığını faktlarla ortaya qoyur. Görünür, sovet türkolojisi ilə Avropa türkoloji mühiti arasında əlaqə yaradılmasında xüsusi missiya daşıyan T.Menzel bu ideoloji yanaşması ilə Sovetlər İttifaqının elmi-siyasi mühitini qıcıqlandırmamaq, öz fəaliyyəti üçün onlarda şübhə yaratmamaq məcburiyyətində qalaraq belə qeyri-obyektiv yanaşma ortaya qoyub.

Lakin tədqiqatçı-alim Orxan Aras Almaniyada çap etdirdiyi "Bakı Türkoloji Qurultayında bir alman: Teodor Menzel" məqaləsində fərqli mülahizələr irəli sürür. Almaniyanın elmi, ədəbi mərkəzləri ilə sıx əməkdaşlıq şəraitində çalışan O.Aras T.Menzelin 100 səhifəlik qurultay qeydləri üzərində dayanır və bildirir ki, bunları 1927–1928-ci illərdə Almaniyanın məşhur şərqşünaslıq jurnalı "Der islam"ın 16 və 17-ci saylarında dərc etdirib. O.Aras bu qeydlərə istinad edərək yazır ki, Menzel Sovet İttifaqında müharibədən sonrakı acınacaqlı vəziyyəti təsvir edir, yol boyunca dağıntıları, insanların yoxsulluqdan əziyyət çəkdiklərini müşahidə edir. Bu miskin vəziyyətlə Bakıda qurultay üçün yaradılan təntənəli şərait arasında ziddiyyətləri yol qeydlərində təsvir edir.

Türk Dünyasının vəhdəti üçün uğurlu bir platforma rolunu oynayan Qurultaya hədsiz maraq olduğunu müşahidə edən T.Menzel yazır: “Bakı sakinlərinin Qurultaya göstərdikləri maraq çox böyük idi. Hətta Bakı universitetlərinin professorları Qurultayda iştirak etmək üçün vəsiqə almaqda çətinlik çəkirdilər. Zalda çoxsaylı dinləyicilərdən əlavə, soyuq havada səsgücləndirici qarşısında müzakirələri dinləmək istəyən insan izdihamı var idi”.

Qurultayın keçirilmə təşəbbüsləri və məkan olaraq Bakının seçilməsinin səbəblərini xatırladan Menzel yazır: “Bəzi səbəblərdən dolayı Orta Asiyada konqresin sürətlə toplanması, təşkili mümkün olmadı. Amma məsələ təcili olduğundan neft zənginliyi, qüvvətli sənayeləşməsi ilə seçilən, hədəfini bilən və yetişmiş insan qüvvəsinə sahib olmasıyla fərqlənən Azərbaycan önə çıxaraq heç kimin etiraz etmədiyi təşəbbüsü üzərinə götürdü”.

Qurultayın təşkili üçün ən azı il yarım, iki il vaxt tələb olunmasına baxmayaraq, Bakının elmi mühitinin, çalışqan bürokratlarının, türkoloqlar və yazar heyətinin bir arada toplanması və vahid platformada məsələlərə yanaşması öz müsbət təsirini göstərməyə bilməzdi. Alman təmsilçisinin müşahidələrinə görə, Azərbaycanın Türk Dünyasını bir araya gətirmək təşəbbüsləri ideoloji yanaşma ilə yanaşı, kifayət qədər uzaq hədəflərə hesablanan addım idi.

Kitabın maraqlı səhifələrindən biri Menzelin Qurultayın əsas vitrinini təşkil edən alimlər və partiya-sovet nomenklaturasına daxil olan şəxslərlə bağlı verdiyi məlumatlar, xarakteristikadır. S.Ağamalıoğlu, F.Köprülü, Ə.Hüseynzadə, Bartold, Yakovlev və digər şəxsiyyətlərin elmi potensialı, dünyagörüşü Qurultayda oynadıqları rolu öz şəxsi düşüncə süzgəcindən keçirən Menzel maraqlı bir elmi təhkiyə üsulu seçir. Qurultayın bütün ideya-təşkilati işlərini mərkəzi qaydada, müzakirələrdə verilən qərarlarla yerinə yetirən S.Ağamalıoğlunu xarakterizə edən Menzel yazır: “Nərimanovun xələfi, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Ağamalıoğlu çox da yüksək təhsilli biri deyildi. Lakin məsələlərin dərinliyinə nüfuz edən baxış bucağına malik, böyük insan sərrafı, parlament idarəçilik formalarına bələd olan ağıllı, hədəfləri bəlli, ən təhlükəli məqamları dəf edən, yumor hissinə sahib, ərəb əlifbasına fanatik rəğbətinə baxmayaraq, hər zaman obyektiv, düzgün mövqe tutan, rus və türk dillərinə bələd olub hər iki dildə danışa bilən bir şəxsdir”.

Göründüyü kimi, S.Ağamalıoğlunun xarakterini, şəxsiyyətinin cizgilərini sözlə ifadə etməyə çalışan tədqiqatçı heç bir mübaliğəyə yol vermir, özünə bəlli olan məlumatlar və müşahidələr əsasında kifayət qədər obyektiv davranmağa çalışır.

Menzelin fəaliyyəti Avropa və Türkiyə türkoloqları ilə Sovet türkoloqları arasında elmi əlaqələrin yaradılması baxımından da maraq doğurur. O, Bakıda rus türkoloqları ilə Türk dünyasının alimləri arasında əlaqələrin möhkəmləndirilməsinə çalışıb, bəzi sovet türkoloqlarının İstanbulda elmi dairələrlə əlaqə yaratmasına vasitəçilik edib.

Türkiyəyə xoş münasibət göstərən T.Menzel Türkiyə Cümhuriyyəti qurucusu M.Kamal Atatürkün diqqətindən yayınmır, onu İstanbula dəvət edir. Hərf inqilabına hazırlaşan M.K.Atatürk ərəb əlifbasından latın qrafikalı əlifbaya keçidlə bağlı Menzelin fikirlərini öyrənir. Bu faktlar onu göstərir ki, türkologiyanı təkcə bir elm sahəsi kimi qəbul etməyən Menzel Türk dünyasını, Atatürk Türkiyəsinə dərin bağlılığı ilə fəaliyyət göstərib.

Bu fakt Menzelin Bakı səfərinin yalnız elmi konqresdə iştirakdan ibarət olmadığını, daha geniş beynəlxalq türkoloji əməkdaşlıq məqsədi daşıdığını da göstərir.

Beləliklə, Menzelin əsəri I Bakı Türkoloji Qurultayının tarixini Qərbi Avropa elmi mühitinin gözü ilə öyrənmək üçün mühüm mənbədir. Onun yazıları Azərbaycan, Türkiyə və Sovet mənbələrində əks olunan Qurultay təsvirlərini müqayisə etmək, hadisənin beynəlxalq elmi kontekstdəki yerini müəyyənləşdirmək və 1926-cı ildə Bakının türkoloji fikir tarixində oynadığı rolu daha dərindən araşdırmaq imkanı yaradır.

Bu baxımdan T.Menzelin irsi yalnız “Qurultay haqqında xarici ölkə alimi müşahidəsi” kimi deyil, 1926-cı il Bakısının Avropa türkoloji elminin nəzərində necə göründüyünü göstərən mühüm sənədli mənbə kimi qiymətləndirilməlidir.

Avropa türkoloji mühitində seçilən, əsərlərinə istinad edilən T.Menzelin həyatı siyasi rejimlərin yaratdıqları çətinliklərdən, tarixi hadisələrdən dolayı da maraq doğurur. 1878-ci ilin 2 dekabrında Münhendə doğulan T.Menzel Maksimilian gimnaziyasını əla qiymətlərlə bitirir, klassik və Şərq filologiyası üzrə təhsil alır, sonra təhsilini hüquq sahəsində davam etdirir. Onun alim kimi formalaşmasında alman türkoloqu Georg Jacob mühüm rol oynayıb. Menzel 1905-ci ildə Erlangen Universitetində Jacobun rəhbərliyi ilə “Mehmet Tevfik və onun İstanbul həyatı” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək Türk ədəbiyyatının, ictimai fikir tarixinin öyrənilməsi yönündə fəaliyyətini davam etdirib.

1904-cü ildən etibarən Odessada yaşaması onun elmi fəaliyyətində xüsusi əhəmiyyət daşıyır. Odessa həmin dövrdə Rusiya imperiyasının türk-müsəlman dünyası ilə təmas nöqtələrindən biri idi. Menzel burada türkoloji materiallarla, xüsusilə əlyazmalarla, folklor nümunələri üzərində işləyərək tədqiqatlar aparıb.

1909-cu ildə Georg Jacobla birlikdə Türkiyəyə səfər edən Menzel Bəktaşilik təriqətini dərindən öyrənib, İstanbul və Qərbi Anadoludakı Bəktaşi təkyələri haqqında araşdırmalar aparıb.

Menzel türk ədəbiyyatı, folkloru, Bəktaşiliyi, türk xalq mədəniyyətini, islam fəlsəfəsini araşdıran məhsuldar alim kimi diqqəti çəkib, dövrün tanınmış türkoloqlarının ön cərgələrində dayanıb.

Birinci Dünya müharibəsi zamanı Menzel ruslar tərəfindən əsir götürülərək Astraxan bölgəsinə aparılıb.

1918-ci ildə müharibənin sonunda azad edilib, yenidən Odessaya qayıdıb. Burada universitetdə çalışıb və 1921-ci ildə Odessa Arxeologiya İnstitutuna türk dili professoru təyin edilib. Bir müddət Universitetin Şərqşünaslıq Mərkəzinə rəhbərlik edib və bu vəzifəni 1937-ci ilə qədər həyata keçirib.

Menzel 1934–1936-cı illərdə Kiel Universitetinin Dil, Tarix və Coğrafiya fakültəsinin dekanı olub.

Lakin Almaniyada nasistlərin hakimiyyətə gəlməsi onun həyatına ciddi təsir edir. Yəhudi mənşəli olduğuna görə, 1937-ci ildə yeni qanunlar əsasında vəzifəsindən təqaüdə göndərilir. 1939-cu ilin martın 10-da avtomobil qəzasında dünyasını dəyişib.

Menzelin Bakıda olduğu günlərlə bağlı şəxsi qeydləri, məktubları və hesabatları var və bunlar çox qiymətli arxiv sənədləridir. Çünki onun qeydlərində qurultayın rəsmi protokollarında görünməyən pərdəarxası görüşlər, nümayəndələrin münasibəti, Azərbaycan rəhbərliyinin mövqeyi, Moskva-Bakı-İstanbul-Berlin əlaqələri və əlifba məsələsinin müzakirələri haqqında məlumatlar tədqiqatçılar üçün dəyərli mənbələrdir.

Akif Aşırlı,

“Xalq qəzeti”

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()