“Süni intellekt və kitabxana: yeni nəsil təqdimatlar” adlı tədbir

27 oktyabr, 2026
Paylaş:

“Süni intellekt və kitabxana: yeni nəsil təqdimatlar” adlı tədbir

XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının təşkilatçılığı ilə  “Süni intellekt və kitabxana: yeni nəsil təqdimatlar” adlı tədbir təşkil edilib. Tədbirdə Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlili, Əməkdar jurnalist Əlövsət Ağalarov, “NS” şirkətinin icraçı direktoru Nail Seyidov, sərgini ziyarət edən orta və ali təhsil müəssislərinin şagird-tələbələri, kitabxanaçılar, mətbuat nümayəndələri iştirak edib. Tədbir  kitabxanaların müasir dövrdəki missiyasının, rəqəmsal transformasiyasının və süni intellektin yaratdığı yeni imkanların müzakirəsinə həsr olunub.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov  müasir kitabxanaların yalnız bilik mənbəyi olan kitabların qorunduğu və oxuculara təqdim olunduğu məkan deyil, həm də yeni ideyaların yarandığı, innovasiyaların tətbiq edildiyi və milli-mədəni irsimizin müasir texnologiyalar vasitəsilə gələcək nəsillərə çatdırıldığı mühüm bir mərkəz olduğunu söyləyərək, son dövrlərdə Gənclər Kitabxanasında süni intellekt texnologiyalarından istifadə etməklə müxtəlif mövzularda təqdimatların, elektron məlumat bazalarının və  rəqəmsal materialların hazırlandığını bildirdi.  Süni intellekt texnologiyaları vasitəsilə həyata keçirilən “Ağıllı irs: Azərbaycan memarlığının rəqəmsal təqdimatı”, “Nizami Gəncəvinin “Xəmsə”si – klassik irsdən rəqəmsal gələcəyə”, “Türk dünyası- ortaq mədəniyyət, ortaq dəyərlər” kimi layihələr haqqında məlumat verdi.

Tədbirdə çıxış edən akademik Nizami Cəfərov süni intellektin müasir dövrdə elmin, təhsilin və mədəniyyətin inkişafına təsirindən bəhs etdi. O, milli-mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması prosesində müasir texnologiyaların əhəmiyyətini vurğuladı. Akademik süni intellektin klassik ədəbi və elmi irsin yeni formatlarda təqdim olunmasına, geniş oxucu auditoriyasına çatdırılmasına imkan yaratdığını bildirdi.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Şərəf Cəlili çıxışında süni intellektin ədəbiyyatın, dilin və mədəni irsin təbliğində yaratdığı imkanlardan danışdı. O, klassik ədəbi nümunələrin rəqəmsal vasitələrlə təqdim edilməsinin xüsusilə gənc nəslin mütaliəyə marağının artırılması baxımından əhəmiyyətini qeyd etdi. Şərəf xanım yeni texnologiyaların ədəbi irsin daha anlaşıqlı və maraqlı formada təqdim olunmasına kömək etməsi ilə yanaşı, əsərlərin məzmununun düzgün çatdırılmasının, müəllif irsinə hörmət və məlumatların etibarlılığının daim diqqət mərkəzində saxlanılmalı və bu tip materialların ictimaiyyətə təqdim olunmasından öncə elmi məsləhətçilərin rəyinin alınması vacibliyindən bəhs etdi.

Əməkdar jurnalist Əlövsət Ağalarov çıxışında rəqəmsal dövrdə informasiya ilə işləməyin yeni xüsusiyyətlərinə toxundu. O, süni intellektin məlumatların hazırlanması, təqdim edilməsi və yayılması prosesində yaratdığı imkanlarla yanaşı, informasiya etibarlılığının qorunmasının da vacibliyini vurğuladı. Ə.Ağalarov “Azərnəşr” tərəfindən yeni nəşr edilmiş müəllifləri R.Ə. Əliyev, N.R. Yusupbekov, Rafiq R.Əliyev, A.N.Yusupbekov olan “Süni intellekt” kitabını Respublika Gənclər Kitabxanasına hədiyyə etdi.

“NS” şirkətinin icraçı direktoru Nail Seyidov süni intellekt texnologiyalarının tətbiqi və kitabxanaların rəqəmsal inkişaf perspektivləri haqqında məlumat verdi. O, müasir texnologiyaların kitabxana resurslarının daha əlçatan olmasına, elektron məlumat bazalarının hazırlanmasına və informasiya xidmətlərinin təkmilləşdirilməsinə verdiyi töhfələrdən bəhs etdi. Həmçinin, Gənclər Kitabxanasının veb-saytının yenilənməsi və müasir rəqəmsal imkanların tətbiqi istiqamətində görülən işlərdən də danışdı.

Tədbir çərçivəsində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış materiallar və elektron məlumat bazaları video təqdimat vasitəsilə nümayiş olundu.  

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()