26 avqust, 2026
Paylaş:

Ulu öndər Heydər Əliyev və ana dilimizin rəsmi status qazanması

Azərbaycan dilinin ümumxalq ünsiyyət vasitəsi və xüsusilə dövlət dili kimi inkişafında ulu öndər Heydər Əliyevin xidmətləri tarixi fədakarlıqdır. Bu mövzuda artıq onlarla ciddi elmi əsərlər yazılmış, kifayət qədər mükəmməl ümumiləşdirmələr aparılmışdır

Mütəxəssislər belə qənaətdədirlər ki, Heydər Əliyevin milli dil quruculuğu siyasəti onun milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub bütöv bir sistem təşkil edir. Doğrudan da, Ümummilli liderin respublikamıza rəhbərlik etdiyi ilk illərdən son illərə qədər apardığı dil siyasətində hər hansı bir tərəddüdə, yaxud təsadüfə nə nəzəri, nə də təcrübi olaraq rast gəlinmir ki, bu da yalnız dahilərə məxsus keyfiyyətdir.

Azərbaycan dilinin inkişafı, təkmilləşdirillməsi, bugünü və gələcəyi barədə bir sıra mühüm qərarlar qəbul edilmiş və həyata keçirilmişdir. Professor Qaley Allahverdiyevin müəllifi olduğu “Azərbaycan Respublikasının dil siyasəti” kitabını bu məsələləri əhatə edən sanballı nəşrlərdən hesab etmək olar. Kitabda ümummilli lider Heydər Əliyevin ana dilimizin saflığının qorunması, dillər arasında nüfuzunun artması, dilçilik elminin inkişafına qayğısı və dillə bağlı yürütdüyü siyasətin müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi məsələləri dolğun material və sənədlərlə əks olunmuşdur.

Ulu öndər Heydər Əliyevin dil siyasəti elmi-nəzəri və ideoloji baxımdan yalnız Azərbaycanda deyil, eyni zamanda dünya miqyasına çıxmaqla, ümumiyyətlə, dil quruculuğunun həmişə aktual olan problemlərinin həlli üçün əsaslı prinsiplər təqdim edir. Bu prinsiplər həm də ona görə əhəmiyyətlidir ki, müstəqillik uğrunda yüz illər boyu mübarizə aparan və qalib gələn bir xalqın və dövlətin nümunəsində və ya təcrübəsində uğurla həyata keçirilmişdir.

Heydər Əliyevin liderlik təcrübəsi göstərdi ki, həqiqi milli lider, dövlət xadimi bu və ya digər dərəcədə çətin ictimai- siyasi vəziyyətlərdə də mənsub olduğu xalqın milli məzmunlu problemlərini ya sona qədər həll etməyə, ya da bunun üçün münbit şərait yaratmağa qadirdir. Və konkret olaraq milli dil məsələsinə gəldikdə isə tam aydınlığı ilə görürük ki, Heydər Əliyev sovet dövründə ana dilinin nüfuzunu nə qədər mümkün idisə yüksəltdi; o məsələləri ki, həll etmək mümkün deyildi (məsələn, Azərbaycanın Şimalı ilə Cənubu arasında milli dil kontaktlarını təmin etmək), onların gələcəkdə həlli üçün elə zəruri və perspektivli tədbirlər gördü ki, az-çox münbit ictimai-siyasi şərait yaranan kimi “Heydər Əliyev formulu” uğurla özünü təsdiq etməyə başladı.

Xalqın (və tarixin!) tələbi ilə Azərbaycana gələn, müxtəlif xarakterli hərc-mərcliklərin, iğtişaşların, dağıntıların qarşısını alaraq ölkəni müstəqil inkişaf yoluna çıxaran Ümummilli liderin 1993-cü ildən 2003-cü ilə qədər milli dil quruculuğu sahəsində gördüyü işlər həm miqyası, həm də məzmunu etibarilə müqayisəsizdir. Hər şeydən əvvəl, ona görə ki, ölkə parçalanmaq üzrə idi. Belə bir şəraitdə dövlətin, eləcə də onun dilinin varlığı ciddi təhlükə altında qalmışdı.

Ümummilli lider Naxçıvanda siyasi fəaliyyətə başlayanda milli dillə bağlı ən aktual məsələ onun necə adlandırılması idi. Həmin məsələyə münasibətdə fikir-mövqe ziddiyyətləri, doğrudan da, bəzən əsaslı, bəzən də əsassız olaraq, son dərəcədə gərginləşir, hətta ölkənin milli- siyasi bütövlüyü üçün təhlükə yaradacaq həddə çatırdı.

Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin 24 noyabr 1990-cı il tarixli iclasında dövlət dilinin “türk dili” adlandırılmasını təklif edənlərə məsələnin tarixi mahiyyətini dərindən izah etdikdən sonra belə bir və müdrik məsləhət verir: “Mən də hesab edirəm ki, biz türkük… Ancaq indi gətirib biz tələm-tələsik bu Konstitusiyaya (Naxçıvan MR-nın Konstitusiyası nəzərdə tutulur – N.C) dəyişiklikdə yazaq ki, Naxçıvan Muxtar Respublikasının dövlət dili türk dilidir, bu, mənə elə gəlir ki, tələsiklik olar. Gəlin bunu bir də etiraf edək ki, milli dirçəliş, milli ənənələrin bərpa olunması, milli inkişaf sahəsində bu günlərdə çox mühüm qərarlar qəbul etmişik. Gəlin bir az səbir edək ki, bizim bu qərarlar həzm olunsun”.

Azərbaycan Parlamenti isə 1992-ci ilin 22 dekabrında bir qrup deputatın iştirakı ilə dövlət dilinin adı ilə bağlı məsələni Ümummilli liderin ifadəsi ilə desək, məhz tələm-tələsik müzakirə edib “türk dili” ifadəsinə üstünlük verdi. Və bu qərar işləməyə başlasa da, tezliklə böyük mübahisələrə, praktikada isə problemlərə meydan açdı. Hər şeydən əvvəl, ona görə ki, müstəqil dillər olan Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsini fərqləndirməkdə çətinliklər yarandı. Tələm-tələsik qəbul edilmiş qərarın yaratdığı problemləri həll etmək milli dil siyasəti ilə bağlı ən aktual problemlərdən birinə çevrildi. Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilənə qədər bu məsələ açıq qaldı.

Azərbaycan Prezidentinin dövlət dilinin taleyi ilə bağlı ilk möhtəşəm tədbirlərindən biri Azərbaycan Respublikası Konstitusiyası layihəsinin 1995-ci ildə elm, mədəniyyət xadimlərinin iştirakı ilə keçirilən geniş müzakirəsi oldu. İki gün davam edən müzakirə yalnız qəbul etdiyi obyektiv qərarla yekunlaşmadı, həm də dövlət başçısının dil məsələsinə həssaslığını, ona nə qədər böyük siyasi-ideoloji önəm verdiyini bir daha bütün miqyası ilə göstərdi.

Əlbəttə, əsas məsələ dövlət dilinin adı ilə bağlı idi, ancaq bundan heç də az əsas olmayan bir məsələ də o idi ki, Azərbaycan dövləti dil quruculuğunu dövlət quruculuğu prosesindən ayrı təsəvvür etmir, xalqın dilinə, doğrudan da, “onun ruhu” kimi baxır.

Dövlət başçısının açılış nitqi ilə 1995-ci ilin 31 oktyabrında MEA-da başlayan müzakirə ertəsi gün Prezident Aparatında Heydər Əliyevin bilavasitə sədrliyilə davam etdirildi. Müzakirə 3 variant əsasında aparıldı: “Azərbaycan dili”, “türk dili” və “Azərbaycan türk dili”, “Azərbaycan türkcəsi”. Maraqlıdır ki, nə qədər paradoksal olsa da, müzakirələrdə ən az müdafiə edilən variant məhz “türk dili” oldu. Fikrimizcə, bunun əsas səbəbi o idi ki, geniş müzakirələr keçirilmədən qəbul olunmuş qərar cəmiyyət tərəfindən dəstəklənməmişdi, yaratdığı problemlər isə göz qabağında idi.

Akademik səviyyədə və kifayət qədər demokratik şəraitdə aparılan müzakirələrin sonunda Ümummilli lider belə bir təklif verdi ki, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının layihəsindəki dövlət dili ilə bağlı 21-ci maddə referenduma çıxarılsın. Və belə də oldu. 12 noyabr 1995-ci ildə referendumla qəbul olunan, 27 noyabr 1995-ci ildən isə qüvvəyə minən Azərbaycan Respublikası Konstitusiyasında həmin maddə aşağıdakı şəkildə təsbit edilmişdir:

“I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.

II. Azərbaycan Respublikası əhalisinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir”.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası, eləcə də onun dövlət dili ilə bağlı xüsusi maddəsi qəbul olunduqdan sonra uğurla işləməyə başladı ki, bu da Ümummilli liderin milli dövlət quruculuğu və idarəçiliyi istedadının təntənəsi demək idi.

Müstəqillik dövründə – 1997-ci ilin oktyabrında keçirilən Azərbaycan Yazıçılar Birliyinin X qurultayda da Ulu öndər cəmiyyətin bu məsələyə – dil məsələsinə həssas münasibətini nəzərə alaraq çıxışında ona xüsusi yer ayırmış, özünəməxsus məzmunlu və tarixi mülahizələrini söyləmişdir. Qurultaydakı məşhur nitqində Heydər Əliyev xatırlayırdı : “Yadımdadır, ilk dəfə Yazıçılar İttifaqının qurultayında mən Azərbaycan dilində nitq söyləyəndən sonra tənəffüsə çıxdıq. Hamı gəlib məni təbrik edirdi. Ona görə ki, mən orada, birinci növbədə, Azərbaycan dilində danışdım. Dedim ki, əziz qardaşlar, axı burada elə bir şücaət yoxdur. Bu, bizim öz dilimizdir. Mən bunu anladım. Çünki dövlət adamları Azərbaycan dilində danışmamışdılar. Bu dil məişət dili olmuşdu və bir də ədəbiyyat dili olmuşdu. Amma dövlət dili olmamışdı”.

Sonra Ümummilli lider əlavə etmişdi: “Mənim nitqimi yazıçılar böyük bir hadisə kimi qəbul etdilər. Biz o illərdə çalışdıq ki, dilimiz inkişaf etsin. Bu sahədə çox çalışdıq. Baxmayaraq ki, elə bir dövlətdə yaşayırdıq ki, hakim dil rus dili idi. Ancaq biz dilimizi inkişaf etdirdik və siz, sizin əsərləriniz, ədəbiyyat olmasaydı, şübhəsiz ki, dilimiz bu cür inkişaf edə bilməzdi”.

Azərbaycan dilinin inkişafında Azərbaycan yazıçısının xidmətlərini yüksək qiymətləndirən Ulu öndər qurultayda bu məsələ üzərində xüsusilə dayanmışdı: “Bu gün müstəqil bir dövlət kimi ən fəxr etdiyimiz bir də odur ki, bizim gözəl Azərbaycan dilimiz var. Azərbaycan dilinin formalaşmasında, inkişaf etməsində bugünkü səviyyəyə çatmasında yazıçılarımızın, şairlərimizin, ədəbiyyatşünasların, dilçi alimlərin böyük xidməti var. Xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Layiqli ana dili olmayan, ana dilindən istifadə edə bilməyən, ana dilindən bəhrələnə bilməyən xalq, millət xalq, millət ola bilməz”.

2001-ci il iyun ayının 18-də Azərbaycan Prezidenti “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman verdi. Azərbaycan dili tarixinin bir sıra mübahisəli və ya uzun illər hansısa ideoloji məqsədlə mübahisə obyektinə çevrilmiş problemlərinə aydınlıq gətirilən fərmanda dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi üçün bir sıra konkret tədbirlərin görülməsi də irəli sürülür: “Ölkəmizin orta və ali məktəblərində Azərbaycan dilinin müasir dünya standartlarına, milli-mədəni inkişaf tariximizin tələblərinə cavab verən tədrisi işinin təkmilləşdirilməsinə ehtiyac vardır. Bir çox kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda, kargüzarlıq və s. sahələrdə Azərbaycan ədəbi dilinin normalarına lazımınca əməl olunmur. Azərbaycan dilinin reklam işində istifadə edilməsində ciddi qüsurlar müşahidə olunur”.

Əlbəttə, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman ümummilli lider Heydər Əliyevin əsəri idi. Burada Heydər Əliyevin qurduğu dövlətin milli dil siyasəti əks etdirilir, dövlət və dil uğrunda aparılmış mübarizənin tarixi və gələcəyi ifadə olunurdu. Ona görə də fərmanda irəli sürülmüş ideyalar aşağıdakı kimi ümumiləşdirilə bilər: Azərbaycan dilinin dövlət dili olaraq qorunması və inkişaf etdirilməsi.

Məhz Heydər Əliyevin formalaşdırdığı dövlət dil siyasətinin uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan dilinin dövlət dili olaraq siyasi nüfuzu təmin olundu, təhsilin, elmin, ədəbiyyatın və s. inkişafı ana dilinin – dövlət dilinin tərəqqisi üçün münbit şərait yaratdı, Azərbaycan dili Azərbaycan dövlətinin beynəlxalq mövqeyinin yüksəlməsi ilə tarixdə ilk dəfə geniş beynəlxalq arenaya çıxdı.

Ümummilli liderin milli dil siyasətinin ideya-məzmunu qədər mənbələri də zəngindir. Heydər Əliyevi əlinə təbaşir alıb millətinə yeni əlifbanı öyrədən böyük Atatürklə müqayisə edənlər tamamilə haqlıdırlar. Mümkün olan hər bir şəraitdə Azərbaycan dilindən bəhs etmək, onun qüdrətindən danışmaq, onu sevdirmək Heydər Əliyevin daxilindən, təbiətindən, milli lider olaraq şəxsiyyətindən irəli gəlirdi.

Dünya şöhrətli siyasətçi Heydər Əliyev o möhtəşəm dövlət adamlarındandır ki, güclü natiqliq istedadına malik idi. Və o, Azərbaycan dilini yalnız ürəkdən sevməsi, onun dövlət dili hüquqlarını müdafiə edib milli və beynəlxalq nüfuzunu yüksəltməsi ilə deyil, həm də bu dildə gözəl danışması, hər kəsə nümunə göstərməsilə ona tarixi şöhrət qazandırdı, elə bir abidə ucaltdı ki, bundan sonrakı nəsillər ana dilini, dövlət dilini bir də ona görə sevəcəklər ki, o, Heydər Əliyevin dilidir.

 

Nizami Cəfərov,

“Xalq qəzeti”

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()